“İslahatlar bu il də Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini qorumağa imkan yaradıb” - İqtisadçı alim

17:03 17.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bu gün ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət, müvafiq islahatlar nəticəsində Azərbaycan inkişaf etməkdədir. Heç şübhəsiz, ölkə iqtisadiyyatının davamlı inkişaf modelinə transformasiya olunması, dayanıqlı və tarazlı inkişaf, makroiqtisadi sabitləşmə mexanizminin qurulması bu dövrün ən möhtəşəm uğurlarından biri kimi qeyd olunmalıdır. Bütün bunlar da beynəılxalq maliyyə institutlarının diqqət mərkəzindədir”. Bu fikirləri hafta.az-a açıqlamasında İqtisad Universitetinin professoru Əli Əlirzayev bildirib.

Onun sözlərinə görə, Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşaraq 191 ölkə arasında 28-ə yüksəlməsi bir daha ölkəmizdə aparılan islahatların düzgün hədəfləndiyini təsdiqləyir: “Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının böyük tarixi var. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək verib və prosesləri yaxından izləyib. Təbii ki, bu bir qədər fərqli ildir. Pandemiyanın və müharibənin təsirlərini nəzərə alsaq, iqtisadi göstəriciləmiz bir qədər zəifləyib. Amma  bu il sosial-iqtisadi geriləmə bütün ölkələrdə müşahidə edilir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan ölkədaxili islahatları dayandırmayıb. Ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar iqtisadiyyatda dayanıqlığın təmin olunması ilə nəticələnib. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən ötən il olduğu kimi yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” olaraq qiymətləndirilib. Deməli, məhz ölkəmizdə aparılan düzgün islahatlar nəticəsində Azərbaycanın bu il də beynəlxalq reytinqlərdə mövqeyini qorumağa imkan yaradıb”.